Son zamanlar sosial şəbəkələrdə ən çox paylaşılan statuslar “İşdən getdim, torbamı tikənlər rahat olun”, “Haqsızlığa dözmürəm”, “İşdən getdim, təcili yeni təklif olarsa, sevinərəm” tiplidir. Bəs bütün bunların kökündə nə dayanır? Cavabı sadədir: Mobbinq! Çoxları bəlkə də bu sözü həyatında ilk dəfə oxuyub, eşidəcək.

Oxucuları maarifləndirmək üçün tanınmış psixoloq Həlimə Qəmərlinskaya Gununsesi.info-nun suallarını cavablandırıb.

Psixoloq hesab edir ki, sizə dəyər vermirlərsə, dəyər verilən yerə gedin! “Sizsiz də mənə yaxşıdır” prinsipini rəhbər tutub işləmək də olar, başqa çarə yoxdursa. Əgər adamlar sizin kimi brilyantı, ucuz biser gorürlərsə, bu onların problemidir…

 Həlimə xanım, mobbinq nədir?

– Mövzunu qaldırdığınız üçün mütəxəssis olaraq təşəkkür edirəm. Çünki Avropada bu haqda soruşsan, həmən mobbinqin nə olduğunu anlayarlar. MDB dövlətlərində isə bu fenomendən əziyyət çəksələr də termin adını dəqiq bilmirlər. Mobbinq iş yerində əməkdaşın davranmasıdır. Mobbinq iş yerlərində əməkdaşların məruz qaldığı psixoloji təzyiqdir. Lakin bu fenomendən əziyyət çəkənlər əsasən onun nə olduğunu bilmirlər. Belə şəxslər iş yerində yersiz psixoloji təzyiqlərə, basqılara məruz qalırlar. İş yerində bəlli əməkdaşı hədəfə alan sistematik təzyiq vasitəsidir. Belə hərəkətlərlə hədəfə alınan əməkdaşı haqsız yerə günahlandırmaya, eyham və kinayəyə, eləcə də dedi-qodu yolu ilə rəhbərlik qarşısında etibarını və nüfüzunu sarsıtmağa çalışırlar. Bununla da həmin əməkdaşın işdən azad olunmasına dolayısı ilə nail olurlar. Bunun müxtəlif səbəbləri ola bilər. İş təcrübəmə əsasən deyə bilərəm ki, mobbinq peşəkarlığın gətirdiyi problemin yaratdığı stressdir. Bu iş yerində xüsusi olaraq dəvət edilən, tamamilə yeni əməkdaşa qarşı daha çox və tez-tez baş verir. Köhnə əməkdaşlar onu qisqanclıqla qarşılayırlar. Yaxud da həmin əməkdaşla müqayisədə zəifliklərini həzm edə bilmirlər. Bu kollektivdə maraqlı olan qadın və ya kişi tərəfindən çox ustalıqla həyata keçirilir.

– Mobbinqin hansı formaları movcuddur?

– Bu davranışların davamlı və sistematik olaraq pis məqsədli olduğu sübut edilib. Ona görə də belə davranışlar mobbinq olaraq qəbul edilir: birbaşa və ya bilvasitə, gizli və ya açıq olaraq göz təmasının qurulmaması, önəmsənməmə, səlahiyyətlərin azaldılması və məsuliyyətlərin artırılması nəticəsində vəzifəsini kifayət qədər yerinə yetirməməsi və vəzifəyə əlverişsiz olduğunun göstərilmə səyləri. Əhəmiyyətsiz hadisələrin yersiz tənqid olunması, nizamlı və həqiqətən haqsız tənqid, hər bir davranışının şərh edilməsi və alçaldılma. Planlar haqda məlumat verilməməsi və xəbərdarlıqsız tapşırıqların icrasına təzyiqlər. İşdəki müvəffəqiyyətinin görməməzlikdən gəlinməsi və təqdir edilməməsi. İş yerindəki mövqe və mövqeyinin lüzumsuz yerə dəyişdirilməsi. İş yerində digər işçilərin qruplaşması və ayrı-seçkilik edilməsi, təklənmə. Başqalarının yanında xüsusilə alçaldıcı davranışlara məruz qalma. Kollektivdən təcrid edilmə, laqeydlik, diqqətə alınmamaq. Digər işçilərin yanında qorxutma, utandırma, qışqıraraq alçaldılma.  Edilən işlə əlaqədar yersiz nöqsanlar, vəzifə xaricində və xüsusilə daha sadə işlərin verilməsi (fayllama, fotokopiya çəkmə, telefonlara baxma). İllik icazələrin, məzuniyyətlərin istənmədən verilməsi, xəstəlik məzuniyyətlərinin verilməsi.

– Mobbinqi yaradan səbəblər hansılardır?

– Sosial izolyasiya etmə. Deyək ki, mobbinqə məruz qalan əməkdaş eyni otaqda çalışan kiməsə müraciət edir. Adam görməməzlikdən, eşitməməzlikdən gəlir. Sanki duymadı, görmədi, əvəzində başqa əməkdaşla danışır, ya da guya kompüterə qapılıb. O bir neçə dəfə adamı yenə yüksəkdən səsləyir. Lakin reaksiya görmür. Bu zaman artıq qışqırmağa məcburdur. Yəni mobinqə məruz qalan əməkdaş iqnor edilir və sosial izolyasiyaya məruz qalır. Biz səni görmürük, nahara gedirik, amma səni dəvət etmirik, prinsipal olaraq hamını çağırırıq, amma səni yox! Bu mobbinqin ən ciddi variantlarındandır. Bu həddə gətirilir ki, rəhbərlik belə şirkətdə edilən dəyişikliklərlə bağlı mobbinqə məruz qalan əməkdaşı məlumatlandırmağa da lüzum görmür. ”Ayy… biz unutduq deməyi”, “Qərara aldıq ki….”, “Plan dəyişib, amma bu haqda sizi xəbərdar etməyi unutmuşuq…”. Hər dəfə hiss etdirməyə çalışırlar ki, hətta sizinlə paylaşmağı belə lazım bilmirik. Mobbinqin başqa bir variantı dolayısı ilə eyham vurmaqdır. Məsələn, toplantıda rəhbərlik eyhan vurur ki, bəziləri işin öhdəsindən gəlmir və s. Çox vaxt emosional və alçaldıcı eyhamlarla da bunu edirlər. Əsasən də korporativ mədəniyyətin olmadığı şirkətlərdə bu daha tez-tez baş verir. Əməkdaş  o qədər müdafiəsiz ola bilər ki, ona müraciətdə səslərini belə  ucaldarlar. Bunu edən insanlar əksəriyyətlə, öz nöqsanlarını, qorxu və güvənsizliklərini, başqalarını kiçik salaraq kompensasiya etməyə çalışan, fərqliliklərə qarşı xoş rəftar, ikiüzlü, özünü üstün görən ya da göstərmək istəyən, həddindən artıq nəzarət edici və qısqancdırlar. Öz çatışmayan cəhətlərini,  duyğularını məğlub etməyə çalışırlar. Həm də bunu bir başqasını aşağılayaraq kompensasiya etməyə çalışırlar.

– Mobbinqdə davranış formaları özünü necə göstərir?

– Əlaqə və ifadənin məhdudlaşdırılması, müdiriyyət və iş yoldaşlarıyla ünsiyyətə maneələr, davamlı olaraq sözü kəsilər, susdurular, azarlanır, şifahi və yazılı təhdidlər alır. Adamın həyat keyfiyyəti, şəxsi və iş həyatına hücumlar edilər: Əhəmiyyətli vəzifələr verilməz, vəzifələri aşağılanır, mənasız işlər verilir, iş yükü artırılır, sahib olduğundan daha az xüsusiyyət tələb edən işlər həvalə etməklə qurbanı əzərlər. İctimai əlaqələrin maneə törədilməsi baş verər. Adamla danışılmaz, danışma cəhdlərinə cavab verilməz, ayrı bir iş sahəsinə yerləşdirilər, “yoxmuş” kimi davranılar. Etibarı zərər görər. Arxasından pis danışılar, əsassız dedi-qodu edilər, peşə yetərsizliyi ilə lağ edilir, mimikaları, gedişi, səsiylə əylənilir, ələ salınır, siyasi və ya dini fikirləri kiçik hesab edilər, şəxsi həyatı ilə əlaqədar eyhamlar vurular, alçaldıcı adlarla ilişər, qərarları dindirilir, cinsi eyhamlar vurular. Sağlamlığına mənfi təsir etməsi üçün fiziki olaraq ağır, məcburedici işləri yerinə yetirməyə məcbur edilər. Fiziki şiddət istifadə edərək təhdid edilir, qorxudulur, fiziki və cinsi təcavüz tətbiq edilir.

– Mümkün nəticələri hansılardır?

– Mobbinqə məruz qalanlar üstün peşə xüsusiyyətlərə sahib, yetkinlik səviyyələri yüksək, yaradıcı, dürüst, müvəffəqiyyət yönümlü, özlərini işlərinə həsr etmiş, insanlara etimad göstərən, yaxşı niyyətli, siyasi davranmağı bilməyən, təşkilatlarına çox bağlı, işləriylə qaynaşmış, işlərini itirdiyində dərindən təsirlənən kəslərdir. Belə əməkdaşlar stresslə bacarmadıqları üçün şəxsi həyatları da pozular, sağlamlıqlarında problemlər yaşanar. Ümumiyyətlə, mobbinqlər rəhbərliyi zəif olan təşkilatlarda daha çox tətbiq edilən “gözünün odu alınma” cəhdləri nəticəsində yaranır. Bu zaman güvən itkisi, mənəvi travmaya məruz qalma, münasibətlərdə və iş prosesində davamsızlıq ortaya çıxarkən, diqqətlər işdən intriqalara sürüşür, qrup çalışması qeyri-mümkün olur, nəticədə səmərəlilikdən söhbət belə gedə bilməz. Mobbinqə məruz qalan insanların psixoloji durumları qeyri-sabit olur. Mobbinqə məruz qalan qurban əvvəlcə öz peşəkarlığını rəhbərliyə və həmkarlarına sübut etməyə çalışır. Təzyiq artır, sosial təcridolunma baş verir. Onlar müxtəlif fobiyalardan əziyyət çəkirlər. Stressin xarakterik simptomları – baş ağrısı, yuxulama, əzginlik, narahatlıqlar yaranır. Onlar xəstəliklərə yol açır. Mobinq qurbanı tez-tez konsentrasiyani itirir, nəticədə, artıq öz vəzifələrini icra edə bilmir. Bu məsələdə ən çox zərər görən də məhz şirkət olur. Çünki hazırda peşəkar, işini bilən və şirkətə xeyir gətirən kadrlar çox azdır. Təsəvvür edin ki, şirkət çox faydalı peşəkarı tapır, dilə tutur, mümükün şərtlərlə işə alır və birdən ona qarşı mobbinq başlayır. Mobbinqin müddəti qeyri müəyyəndir. Bu bir neçə gündən illərlə davam edə bilər. Bu asılıdr, əməkdaş mobbinqə nə qədər dözəcək. Əgər əməkdaş elə ilk günlərdən mobbinqə qarşı duruş gətirmək istəməyəcək və şirkəti tərk edəcəksə, görün onda nələr baş verəcək. Heç kim iddia edə bilməz ki, həmin əməkdaş toparlanıb başqa yerdə işləməyə qadir olacaq.

– Mobbinqin qarşısını necə almaq olar? Profilaktikası necə aparılmalıdır?

– Mobbinq yaşandığı şirkətlərdə iş vaxtı və işə davamsızlığın artması, mənəvi, bağlılıq və məhsuldarlığın aşağı olmasına gətirib çıxarmasına səbəb olduğundan dəyən zərər günbəgün yüksəlir. Təşkilat üçün vacib kadrlar itirilər; etimad və paylaşma zəifləyər. İşçilərin diqqəti, işdən və hədəflərdən, intriqalara və taktikalara sürüşər. Qrup çalışması qeyri-mümkünləşir. Şirkət rəhbərlikləri icazə verməzsə ya da göz yummazsa, mobbinqin ciddi səviyyələrə çatmasının qarşısı alınar. Buna görə də rəhbərlik baş verənlərə qarşı oyanıq olması və bu tədbirləri zamanında alması lazımdır. Vəziyyətlə üzləşmə və fərqindəlik yaratma. Gözdağılara qarşı etik qaydalar tətbiq etmək, işçilərin hal və hərəkətlərin təşkilini müəssisə təlimatları əsasında yönəltmək. Qarşıdurmanı həll etmə üsullarını yayma. Vəzifə tərifləri açıqca edilməli, məsuliyyətlər təyin olunmalıdır. Gözlənilən davranışların nə olduğunu və etik standartları açıq şəkildə ortaya qoyan, bir-biriylə çalışmayan personal siyasəti yaradılmalıdır. Rəhbərliyin ifadələri ilə hərəkətləri arasında əsaslı uyğunluq olmalıdır. Xüsusilə, idarəçilər etik düşünmə və davranış baxımından özlərini inkişaf etdirməli, digər işçilərə nümunə olmalıdır. İdarəetmədə şəffaflıq təmin edilməli, bunu reallaşdırmaq üçün qərarlara qatılmağa əhəmiyyət verilməli və əməkdaşların qoşulma mühiti yaradılmalıdır.

– Şirkətlərdə bu, saman altından su yeritmə siyasətinə çevrilərsə, nə etməli?

– Elədir ki var. Rəhbərliyi zəif olan şirkətlərdə adətən bu cür siyasət uğurla həyata keçirilir. Belə qurbanlar üçün xalq arasında adətən deyirlər “filankəsin torbasını tikdilər”. Məncə, ölkəmizdə mobbinq elə budur: Torba tikmək! O torbanı elə tikirlər ki, məharətləri “alqışlanası” olur. Elə belə deməyiblər ki, “Balıq başdan iylənər!”.

– Həlimə xanım, mobbinqlə necə mübarizə aparılmalıdır?

– Məhsuldar və qazanclı olduğu qədər insana hörmət edən iş yerləri yaratmaq üçün mobbinq əlamətlərini zamanında fərq edib tədbir alınması çox əhəmiyyətlidir. Korporativ mədəniyyət olmayan yerdə anarxiya baş alıb gedəcək. Bu münasibətlə mübarizə edə bilmək üçün həmin şəxsləri yaxından tanımaq lazımdır. Mobbinq qurbanına çevrilməmək üçün adamın edə biləcəkləri bunlardır. Məsləhətim prioritetli olaraq qurban rolunu qəbul etməmək lazımdır. Düşünmək, dəlil yığmaq və rəhbərliyi qoyulan müddətdən xəbərdar etmək əhəmiyyətlidir. Duyğuların bastırılmaması və düşünərək reaksiya verilməsi mobbinqin tətbiqinin qarşısını alacaq, düşündürəcək şeylər və yollar tapmaq ən yaxşı həllidir. Bu vaxt mobbinq qurbanının özünü sorğulaması, problemin meydana gəlməsindəki məsuliyyətini fərq etməsi və bunu hiss etdirməsi həmin müddətdə müsbət təsir edər. Şirkət mədəniyyəti olmayan, müdir mərkəzli firmalarda daha çox yaşanan bu vəziyyətdə açıq ünsiyyət çox əhəmiyyətli üsuldur. Mobbinqin psixoloji hücum olduğu düşünülsə, psixoloji müdafiə üsullarının inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Romantik əlaqələr yerinə təcrübə əsaslı əlaqələr qorunmalıdır. Əgər adam özü bacarmırsa, professional kömək əhəmiyyətlidir. Empatik ünsiyyət üsulları və stress problemi də mənfi təsir göstərəcək. Bundan başqa, peşəkar mütəxəsisə hər yerdə tələbat olduğundan, yeni bir iş axtarılması, zamanında işdən ayrılması da önəmlidir. Bu super çıxış yoludur. Qapını çırp və “Cəhənnəm olun, mənə hər yerdə ehtiyac var!”-, deməklə sağlamlığınızı da qorumuş olacaqsınız. Sizə dəyər vermirlərsə, dəyər verilən yerə gedin! “Sizsiz də mənə yaxşıdır” prinsipini rəhbər tutub işləmək də olar, başqa çarə yoxdursa. Əgər adamlar sizin kimi brilyantı, ucuz biser gorürlərsə, bu onların problemidir.

– Sizin üçün sağlamlıq formulu nədir?

– Bizdə hər kəsin öz xoşbəxtlik formulu var. Hər kəs bunu özünəuyğun yazır və bu formulun ardınca gedir. Mənim üçün sağlamlıq formulu sözsüz aydın düşüncə, ürəyində, ruhunda bir gilə narhatlığın olmamasıdır. Gözəl işlər görmək üçün ətrafında şərait varsa, deməli, sağlamsan. Sağlam bədəndə isə sağlam ruh olur. Sağlamlıq formulu hər kəsin özündən asılıdır. Sağlam qidalanma, sağlam həyat tərzi və sağlam düşüncəyə malik ətrafının olmasıdır.

Gülnaz Qənbərli

Gununsesi.info